TarixVideo

Qız Qalası haqqında sirli faktlar!

Yaranışından əsrlər, illər keçməsinə baxmayaraq maddi mədəniyyət tariximizin ən görkəmli abidələrindən biri, Bakının simvolu sayılan Qız qalası hələ də sirli və sehrli qalmaqdadır. Bu abidə ətrafında müxtəlif versiyalar irəli sürülsə də, rəvayətlər danışılsa da, onun nə zaman və hansı məqsədlərlə tikilməsi dəqiq məlum deyil. Onu da qeyd edək ki, Qız qalası adlı abidələrə Yaxın Şərq ölkələrinin bir çoxunda təsadüf edilir. Bu ad altında tikilən qalaların əsas xüsusiyyəti onların dəniz və çay sahillərində hündür yerlərdə tikilməsidir.

Qalanın Tikilmə Tarixi və Memarlıq Xüsusiyyətləri

Qalanın tikilmə tarixi ilə də bağlı müxtəlif fikirlər irəli sürülür. Qız qalasının bünövrəsinin bizim eradan əvvəl 7-ci əsrdə qoyulduğunu, ikinci hissəsinin isə bizim eranın 12-ci əsrində tamamlandığını deyirlər. Bu isə onunla əsaslandırılır ki, qalanın aşağı daşları yuxarıya nisbətən köhnədir. İkinci mərtəbədə diametri 13.5 sm olan quyu var.

Qalanın cənub-qərb hissəsində ərəb əlifbası ilə “Məsud ibn Davudun qalası” yazılıb. Daşların növünə və vəziyyətinə görə alimlər belə güman edirlər ki, bu kitabələr Qız qalasının divarlarına təxminən XII əsrdə bərpa işləri zamanı əlavə edilib. 1960-cı ildə qalada sonuncu dəfə bərpa işi aparılıb. Qalanın qeyri-adi forması və orijinallığı Azərbaycan alimlərinin marağına səbəb olur.

Rəsədxana, Müdafiə Tikilisi, yoxsa Zərdüşti Daxması?

Qız qalasının rəsədxana məqsədilə inşa edildiyi, qədimdə buradan göy cisimlərinin müşahidə olunduğu da bildirilir. Səmanın, göy cisimlərinin, özəlliklə Günəş şüasının müşahidəsi ta qədimdən insanları maraqlandırıb.

Arxeoloqlar müəyyən ediblər ki, Qız qalası iki hörgü sistemi ilə tikilib. Birinci 12 metr hündürlüyədək olan hamar hissədir. İkinci hörgü sistemi isə 12 metrdən yuxarı hissədə tətbiq edilib. Buradakı yonma daşların növbə ilə batıq və çıxıntı şəklində hörülməsi qalaya əzəmət verir. Diqqət yetirilsə, burada 31 (30) çıxıntı zolaqlarını asanlıqla saymaq olar. Güman etmək olar ki, bunlar bir aydakı günlərin sayını göstərir.

Rəqəmlərin Simvolikası və Fərziyyələr

“Dayaq divarının” cənub və şərq tərəfindən zolaqlar sayılsa, onların sayının 24 olduğunu görmək olar. Belə müəyyənləşdirilib ki, 24 rəqəmi gecə və gündüz ərzində saatların sayıdır. Abidənin cənuba baxan pəncərələrinin 4 olması fəsillərin, mərtəbələrə qalxan pillələrin 12 olması isə ildəki ayların sayını göstərir.

Ancaq bu fərziyyələrin çoxunu təkzib edən bir həqiqət budur ki, Qız qalasının divarları aşağıda 5 metr, yuxarıda 4 metr qalınlığındadır. Rəsədxanalarda bu qalınlığa və hündürlüyə malik divarlara ehtiyac duymur.

Qız Qalası Haqqında Digər Nəzəriyyələr

Bəzi mütəxəssislərin versiyasına görə, Qız qalası zərdüşti daxmasıdır. Atəşpərəstlər öz ənənələrinə uyğun olaraq, xaki təriqətinə məxsus olan ölülərini aparıb sükut qüllələri adlanan xüsusi tikililərə qoyurdular. Burada vəhşi quşlar sümükləri ətdən təmizləyirdilər. Bu fərziyyəyə görə, Qız qalası damında vəhşi quşların yeməsi üçün ölülərin qoyulduğu qüllədir. Zərdüşt dininə sitayiş edənlər ölülərini bura gətirərək qalanın ortasındakı deşik vasitəsilə dartıb abidənin üstünə qaldırır və oradan quşlar meyitin ətini yedikdən sonra sümüklərini ölü sahibi toplayıb başqa yerdə torpağa basdırırmış. Lakin həmin dövrdə bu məqsədlə tikilən daxmalar quruluş etibarı ilə Bakı Qız qalasından fərqlənib. Onları hündür yerlərdə, həm də bir mərtəbədən artıq olmayaraq tikirdilər. Qız qalası isə səkkiz mərtəbəlidir.

Bəzi alimlərin qənaətinə görə, Qız qalası, hərbi təyinatlı olub və Azərbaycanın şimal sərhədlərindən başlanan müdafiə-istehkam tikililəri kompleksinin bir hissəsidir. Lakin alimlər hələ də Qız qalasının sirlərini aça bilməyiblər. Bu baxımdan abidənin mənşəyi və funksiyası ilə bağlı hələ çox tədqiqat aparılmalıdır.

Əfsanələr və Qala ilə Bağlı Rəvayətlər

Qız qalası ilə bağlı bir çox əfsanələr var. Bir əfsanədə Bakı şəhərinin əfsanəvi banisi Xunsurun öz günahsız bacısını qalada kilidli saxlaması haqqındadır. Buna cavab olaraq qız özünü qaladan atır. Nəticədə Allah Xunsurun otaqlarını əlindən alır və onların əvəzində Xəzər dənizini yaradır.

Digər hekayələr belə qalaların zəbt edilməz olduğu ilə əlaqəlidir, məhz buna görə də qalaya “qız” qalası deyirlər. Bütün bu mif və əfsanələrə səthi yanaşmaq olmaz, çünki bəzən onlar əsl həqiqəti ortaya çıxarmağa kömək edir.

Son Nəticə və Araşdırma Zərurəti

1907-ci ilədək Qız qalasından mayak kimi istifadə olunub.

Göründüyü kimi, Azərbaycanın ən qədim abidələrindən biri olan Qız qalasının tarixi, onun hansı məqsədlərlə tikilməsi ətrafında müxtəlif versiyalar irəli sürülməkdədir. Bu fikirlər hələlik öz təsdiqini tapmayan fərziyyələr olsa da, tikilinin hələ də açılmayan sirlərindən xəbər verir. Bu da onu göstərir ki, Qız qalasının arxeoloji baxımdan tədqiqinə doğrudan da ehtiyac var.

Rəşad Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu