Təcrübələrim
Trend

Tələbəlik: Fotoaparatı Satıb Həyatı Qazanmaq [VI Hissə]

TRT Trabzonda keçirdiyim maraqlı iş təcrübəsinin ardından Bakıya – ailəmin yanına qayıtdım. Uzun zamandır nəfəs almaqda çətinlik çəkirdim və nəhayət bu problemi kökündən həll etmək qərarı verdim. Burun əməliyyatına girdim və əməliyyat uğurla keçdi. 20 günlük istirahətdən sonra həm fiziki, həm də psixoloji olaraq özümü daha yüngül və azad hiss edirdim. Yeni nəfəs, yeni başlanğıc kimi idi. Sağaldıqdan sonra bir an belə düşünmədən yolumu yenidən Tireboluya saldım.

Amma bu dəfə sadəcə təhsil xərclərimi qarşılamaq deyil, eyni zamanda ailəmə də dəstək olmaq istəyirdim. Uzun illər maraqlı şəkillər çəkdiyim sevimli fotoaparatımı satmaq qərarına gəldim. O aparat mənim üçün çox şey ifadə edirdi, amma ailəmə az da olsa maddi yardım edə bilmək hissi daha dəyərli idi.

Nikon D3100

Yayda Tirebolunun gözəlliyindən daha əvvəl də danışmışdım – amma bu dəfə o gözəllikləri sadəcə görmür, həqiqətən dəyərləndirirdim. Hər gün dostlarla sahilə enir, gün batımını izləyir, dərin nəfəs alaraq təmiz havanı içimizə çəkir, bəzən də plajda üzüb özümüzü yeniləyirdik. Sadə görünən bu anlar içimizdə iz qoyurdu. Yorğunluq yerini daxili bir rahatlıq hissinə buraxırdı.

Bu günlərdə ev sahibimiz Mustafa abi xəbər verdi ki, evin və aidatın qiymətini artıracaq. Bu bizi düşündürdü və İlyasla oturub qərara gəldik: yeni ev tapmalı və bu dəfə evi kimsə ilə paylaşmamalıyıq. Təhlükəsiz, sakit və özümüzə məxsus bir yer…

Günlərlə ev axtardıq. Tirebolu xalqının tələbələrə qarşı etibarsız münasibəti bizi əsəbləşdirsə də, nəhayət ki, bir ev tapdıq. Lakin ev tamamilə boş idi – içində bir stul belə yox idi. Xərcləri qarşılamaq üçün satdığım fotoaparatın pulu, tanış olduğumuz yaxşı insanların yardımı və bir az da şans köməyimizə çatdı.

İlyasla birgə pul qoyub ikinci əl soyuducu və paltaryuyan aldıq. Kürşad abi evləndiyi üçün köhnə əşyalarının bir qismini bizə verdi. İlyasın müdürü də bəzi zəruri əşyalara kömək etdi. Beləcə, bir boş evi yavaş-yavaş yaşana bilən isti bir evə çevirdik. O evin müsbət bir aurası vardı – bir növ, “mənim yerim buradır” hissi verirdi. Həmin evdə tam iki il yaşadıq.

Amiral Şükrü Okan cad. Güven Marketin üstü – 2-ci mərtəbə

Doğrudur, ev universitetdən bir az uzaqda yerləşirdi, lakin o qədər sakit və rahat idi ki, bu məsafə heç vaxt bizə problem olmadı. Artıq 4-cü kursa keçməyə hazıram deyə bilirdim.

Dördüncü kurs başlayanda psixoloji olaraq Bakıya olan bağlılığımın zəiflədiyini hiss edirdim. Elə bil artıq oraya deyil, Tireboluya aid idim. Tirebolunu “evim” olaraq görməyə başlamışdım. Burada sərbəst idim, rahat idim, azad idim. Və bəlkə də bu hisslərə görə ilk dəfə həqiqi birinə aşiq oldum. Tirebolu mənim üçün artıq təkcə dəniz və dağlarla deyil, o insanla da gözəlləşmişdi.

Tirebolu – 2019

Hər gün sahildə birlikdə gəzir, söhbət edir, bəzən sadəcə susaraq dənizi dinləyirdik. Həyat sadə idi, amma dolu idi. Eyni zamanda, dostlarla birlikdə Tirebolunun dağlarında gəzintilər edir, kamp qurur, yeni yerlər kəşf edirdik. Dağların o sərt və səssiz mənzərəsində bir şeyi anladım: insan heç bir yerə tam aid deyil. Aidlik bir hiss deyil, bir haldır… bəzən bir nəfərdə, bəzən də heç yerdə tapılır.

Günlərim film izləmək, qısametrajlı ideyalar düşünmək və bitirmə layihəmə fokuslanmaqla keçirdi. Artıq yolun sonu görünürdü… amma mənim içimdə başqa yolların başlanğıcı da doğulurdu.

Altıncı Hissənin Sonu..

Rəşad Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Başa dön tuşu