
Bir Ay, Bir Yol, Bir Görüş [IX Hissə]
Uzağın bir adı var
Uzağa gedir yollar
Bakıya qayıtdıqdan sonra bir ay işsiz qaldım. Hər gün iş axtarışında, yorğun və bir az da qırıq… O bir ay mənə sanki bir il kimi gəldi. Həm şəhərə alışa bilmirdim, həm də işsizlik öz izini buraxırdı. Üstəlik sevdiyim insan uzaqda idi… çox uzaqda.
Bu dövrdə mənə dəstək olan yalnız ailəm və o oldu. Onların verdiyi güvən və dəstək sayəsində yenidən ayağa qalxa bildim. Özümə inandım. Bir gün dostum Yusiflə görüşdüm. MTV kanalında efir rejissoru işləyirdi. Köhnə günlərdən, tələbəlikdən danışdıq. Söhbət əsnasında ona iş axtardığımı dedim. Sağ olsun, tanışları ilə danışıb məni ARB TV-yə yönləndirdi.

ARB-də ilk tapşırıq çətin deyildi. TRT-də keçdiyim təcrübə burada işimə çox yaradı. Artıq bu sahədə nəyin necə olduğunu bilirdim. Verilən video tapşırığı hazırlayıb təqdim etdim. Bir həftə sonra isə zəng gəldi: işə qəbul olunmuşdum.
İlk gündən iş mühitini çox sevdim. Müdürüm səmimi, əməkdaşlar isə dəstəkçi idi. Tam da axtardığım mühit idi – nə soyuq, nə də rəsmi. İnsana yaşadığını hiss etdirən bir yer. Bura alışmaqla birlikdə Bakı da yavaş-yavaş mənim üçün yaşana bilən bir yer halına gəldi.
Hər şey yolunda idi – bircə məsələ istisna olmaqla: o hələ də uzaqda idi. Qəlbimdəki bu boşluğu doldurmaq üçün qərar verdim – onu görməli idim.
Tam doqquz ay sonra – Qış tətili zamanı təyyarə biletimi aldım və yola çıxdım. Bakı–Naxçıvan təyyarəsinə mindim, oradan İğdıra, sonra Bandırmaya qədər uzun bir səfər… Yollar yorucu idi, amma sevdiklərinə aparan yol insana hər zaman şirin gəlir.Yolda gedərkən pəncərədən baxa-baxa düşünürdüm. Tələbəlikdə gəlib bu yerləri görmədiyimə peşman olurdum. Türkiyənin hər guşəsi ayrı gözəllik idi.
Və nəhayət, Bandırmaya çatdım. Onu gördüm. O an bütün yorğunluq, məsafə, darıxmaq – hamısı yoxa çıxdı. İçim rahatladı, nəfəsim düzəldi. O var idi, vəssalam...
Doqquzuncu Hissənin Sonu..