Təcrübələrim

Tələbəlik: Ən Aşağıdan Ən Yuxarıya [IV Hissə]

Yay tətilindən qayıdanda bizi evdə xoş bir mənzərə gözləmirdi. Uzun müddət yaşayış olmadığı üçün hər yeri mamır basmışdı, evin kanalizasiya sistemi isə problemli idi. Ev yoldaşım İlyasla oturub düşündük və qərara gəldik ki, dərslər başlamazdan əvvəl yeni bir ev tapaq. Tanışlar və yerli əhali vasitəsilə axtarışa başladıq və nəhayət, yeni bir ev tapdıq.

Akmaz sk. 4-cü mərtəbə

Bu dəfə evdə Camal, Yusif, İlyas və mən birlikdə qalırdıq. Evin sahibi isə Kürşad abi idi – o da bizimlə eyni evdə yaşayırdı. Bu ev mənim yaddaşımda çox qəribə və maraqlı bir yer kimi qalıb. Zirzəmi qatından sonra bu dəfə binanın ən üst mərtəbəsinə köçmüşdük. Balkondan dənizi hər an görmək mümkün idi.

Amma bir problem vardı: Kürşad abi evdə tək yaşadığı üçün ev baxımsız vəziyyətdə idi. İki gün ərzində böyük bir təmizlik etdik, kisələrlə birlikdə zibil daşıdıq. Ev geniş, kirayə haqqı isə münasibdi və bu bizim üçün böyük üstünlük idi. 2016-cı ilin sonları idi – ölkədə qiymətlər sürətlə qalxır, əlimizdəki pul isə hər keçən gün dəyərini itirirdi. Artıq qəpiklərin belə dəyərini anlayırdıq.

Akmaz sk.

Bir gün isə vəziyyət daha da ağırlaşdı. Pulumuz tamam bitmişdi. Evdə nə yeməyə bir şey vardı, nə də qaz. Üstəlik, Bakıda həmin gün banklar işləmədiyindən ailəmiz də bizə pul göndərə bilməmişdi. Həmin günü ev yoldaşım İlyasla birtəhər keçirdik. Amma vəziyyət dəyişmirdi – nə edəcəyimizi düşünməkdən başqa yolumuz yox idi.

Çıxdıq biraz da küçədə düşünək və gəldik CafeLina kafesinin önünə. Başqasından bir şey istəməyə öyrəncəli olmadığımız üçün qərar vermək zaman aldı. Ev yoldaşımla biraz müzakirə etdikdən sonra ürəkləndik keçdik oturduq. Kafenin sahibi Ali abi bizi tanıyırdı və vəziyyətimizi üzümüzdən oxumuşdu. Biz bir söz demədən, o anlayıb bizə iki dönər hazırladı. Bu, o günün ən böyük neməti idi. Həmin an hər şey üçün şükür etməyi öyrəndim.

Belə yoxluq içində keçən tələbəlik illəri insana həm dözüm, həm də minnətdarlıq öyrədir. Varlıqda dəyərini bilmədiyimiz çox şeyin yoxluqda necə əvəzolunmaz olduğunu başa düşürsən.

Bu dövrdə fokusumuz təkcə dərslər və imtahanlarla məhdudlaşmırdı. Tələbəlik, sadəcə dərs oxumaq deyildi – bu həm də insan münasibətlərini öyrənmək, intriqalardan uzaq durmaq və əlindəki pulu ayın sonuna qədər necə idarə etməyi bacarmaq demək idi. Bəzən bir cümləlik söz səni günlərlə düşündürə, bəzən də bir neçə qəpiklə qarnını doydurmaq, tələbəliyin ən yaradıcı bacarığına çevrilirdi. Tələbəlik həm dərs, həm də həyat məktəbi idi

Günlər beləcə keçdi. Bir müddət sonra ev sahibi ilə anlaşa bilməyən Yusif və Camal ayrılmağa, başqa evə köçməyə qərar verdilər. Bu halda bizə kirayə yükü daha çox düşdü. Çarəni evə bir nəfər də almaqda gördük. Ev sahibi ilə danışdıq və o da razılaşdı. Beləcə, Harun adında Qaziantepli tələbə yoldaşımız da bizə qoşuldu.

İftara hazırlıq – 6 iyun 2017

Ramazan ayı yaxınlaşırdı. Ev sahibi Türk olduğu üçün bu ay fərqli keçdi. Süfrə mədəniyyəti, paylaşım hissi, birlikdə edilən iftarlar mənə xoş təsir etdi. Ümumiyyətlə, Ramazan Türkiyədə tamam başqa bir ruhla yaşanır. İftar vaxtı küçələr sükuta qərq olur, yalnız evlərdən gələn qaşıq və boşqab səsləri eşidilir. Bu sükut və sakitlik insanın ruhunu elə bir dərinlikdə təmizləyir ki, bunu sözlərlə izah etmək çətindir.

Dördüncü Hissənin Sonu..

Rəşad Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!
Başa dön tuşu