Təcrübələrim

Tələbəlik: Fındıq bağı, TRT, Psikopat [V Hissə]

Sızlar yada düşəndə ürəyimin telləri
O mehriban, o əziz tələbəlik illəri

Yay gəlmişdi və kasıbçılıq səbəbindən mən ilk dəfə fındıq yığımı təcrübəsini yaşadım. Ev sahibimizin dostu – zarafatcıl və səmimi Yusuf abinin bağçasında işləməyə başladıq. İşin əvvəlində hər şey çox rahat və hətta bir qədər əyləncəli görünürdü. Lakin günlər keçdikcə fındıq toplamaq əməlli-başlı yorucu və ağır fiziki işə çevrilirdi. Xüsusilə Karadeniz bölgəsində fındıq bağlarının dağlıq ərazilərdə yerləşməsi işi daha da çətinləşdirirdi. Həm dağa qalxmaq, həm məhsul yığmaq, həm də sürüşüb yıxılmaq – bunlar bu zəhmətkeş peşənin ayrılmaz hissələri idi.

“Fındık dalları sallanıyor, yere düşen çotanaklar dikkatlice toplanıyor…”

Buna baxmayaraq, Yusuf abinin hər gün dediyi zarafatlar və ruhlandırıcı sözləri işin ağırlığını bir qədər azaltmağa kömək edirdi. Bağçada ümumilikdə yeddi nəfər işləyirdik. Mövsüm sona çatanda əldə etdiyim gəlirlə universitetin yarımillik ödənişini etdiyim üçün sevinirdim – artıq üçüncü kursa başlayacaq qədər hazır və rahat idim.

Elə bu vaxt Kürşad abidən yeni xəbər aldıq – evlənəcəyini deyirdi! Bu səbəbdən yenidən ev axtarışına çıxdıq. Tanışlar vasitəsilə bu dəfə daha fərqli bir ev tapdıq. Lakin bu ev mənim yaddaşımda “intriqalarla dolu ev” kimi qaldı.

Osman Ağa cad. 1-ci mərtəbə

Ev sahibimiz almancı idi – illərlə Almaniyada yaşamış, oradan gəlir əldə edən biri. Yaxşı gəliri olmasına baxmayaraq, xəsisliyi ilə seçilirdi. Qəribə insan idi. Sonradan eşitdim ki, rəhmətə gedib, övladları da hər şeyi satıb Almaniyaya qayıdıblar. Amma bu artıq başqa hekayədir…

Həmin evdə biz üç nəfər yaşayırdıq: mən, İlyas və Harun. Ev universitetə yaxın idi, yanımızda market və məşhur Arzum kafe vardı. Ən əsası isə hər birimizin ayrıca otağı vardı. Bu, tələbə üçün böyük üstünlük idi.

Üçüncü kurs başlayanda artıq rahat idim. Universitet ödənişi etmişdik, evimizi tapmışdıq və yerləşmişdik. Lakin günlər bir-birini təkrarlayır, həyat bir qədər cansıxıcı və monoton keçirdi. Ta ki, evdəki münasibətlər pozulana qədər…

İlyas ilə Harun arasında baş verən anlaşılmazlıq evdə soyuq bir hava yaratdı. Hər kəs öz otağına çəkilmişdi, heç kim ortaq vaxt keçirmir, bir-birimizlə söhbət belə etmirdik. Bu vaxt mən yenilik axtarırdım – nəsə yaratmaq, nəsə dəyişmək istəyirdim. Bir gün dostum Hafiz bizi ziyarətə gəldi. Görüş zamanı qərara gəldik ki, “Psikopat” adlı triller janrında YouTube serialı çəkək.

Psikopat – Montaj – 2018

Ssenarini yazdıq və ertəsi gün çəkilişlərə başladıq. Bu iş bizi yenidən canlandırdı. Hərəkət, yaradıcı proses və yeni ideyalar ruhumuzu aydınlatdı. Anladım ki, insanı həyatda tutan şey – xaosdur, hərəkətdir, yaradıcılıqdır. Çəkilişlər maraqlı keçir, yeni şeylər öyrənir, yeni texnikaları sınayırdıq. Videoların baxış sayı da pis deyildi.

Lakin imtahanlar başlayanda bu layihəni yarımçıq buraxmağa məcbur olduq. Buna baxmayaraq, bu proyekt mənə yeni insanlar tanıtdı və yeni dostlar qazandırdı. Bəzən bir ideya, bir kamera və bir neçə həvəsli dost – böyük dəyərlərə çevrilə bilir.

Psikopat – Çəkiliş prossesi

Üçüncü kursun sonlarında universitetdən bildiriş gəldi: “Özünüzə staj yeri tapın.” Biz də qərara gəldik ki, TRT Trabzon kanalında təcrübə keçək. Bu, çox yerində verilmiş bir qərar idi. Sənədlərimizi götürüb Trabzona yola düşdük. Montaj bacarıqlarımız olduğu üçün bizi xəbər şöbəsinə yönləndirdilər. Burada çox şey öyrəndim. Həm peşəkar insanlarla tanış oldum, həm də sektorun iç dünyasını daha yaxşı anladım. 30 gün ərzində onlarla xəbər videosu montajladım və stajımı uğurla başa vurdum.

Geri dönüb keçmişə baxanda anlayıram ki, bu illərin əsas dərsi sadəcə universitetdə öyrədilənlərlə məhdudlaşmırdı. Əzmli olmaq, hərəkətdə qalmaq və fürsətləri dəyərləndirmək insana çox şey qazandırır. Həyat, hər gün yeni bir fəsil kimi yazılır və o fəsillərin müəllifi yalnız insanın özüdür.

Beşinci Hissənin Sonu..

Rəşad Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Başa dön tuşu