CavabdehCavabdeh Tech

QR Kodun GİZLİİ Tarixi: Dünyanı Fəth Edən Texnologiya

Bəzən texnologiyalar doğulanda heç kim onlara əhəmiyyət vermir. Onlar səssiz-səmirsiz bir küncdə qalır, unudulur… ta ki dünya dəyişənə qədər. Bu gün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş QR kodların əslində 30 illik hekayəsi var. Bu hekayə bir zavodun anbarından başlayır və pandemiyanın ortasında dünya səhnəsinə çıxır.

Bu gün sizə, görünən, amma bilinməyən bir texnologiyanın inanılmaz dönüşünü danışacam.

🏭 Başlanğıc: 1994-cü il, Yaponiya

1994-cü il. Yaponiyada Avtomobil sənayesində rəqabət qızışır. Toyota şirkəti daha sürətli və effektiv sistemlər axtarır. Mühəndis Masahiro Hara, zavodda istifadə olunan barkod sisteminin çox yavaş olduğunu görür. O, məlumatı daha sürətli oxuyan və daha çox informasiya daşıya bilən yeni bir kod sistemi hazırlayır. Adını isə “Quick Response”, yəni “Sürətli Cavab” qoyur. Əsas məqsəd təkcə məhsul izləmək idi. QR kodlar – ancaq sənaye üçün nəzərdə tutulmuşdu. Telefonlarla, menyularla, ya da ictimai istifadə ilə heç bir əlaqəsi yox idi.

QR kod

🕰️ Gözləmə dövrü: 1995–2019

Bu texnologiya çox irəlidə idi. Hətta o qədər irəlidə idi ki, insanlar buna hazır deyildi. Barkodlar kifayət qədər yaxşı işləyirdi. QR kodlara ehtiyac duyan yox idi. Telefonlarda kamera yox idi, internet sürətli deyildi, və insanlar bu kodları necə istifadə edəcəklərini bilmirdilər. Texnologiya hazır idi, amma zaman yox idi. Beləcə, QR kodlar 20 ildən çox bir müddət anbarların, ehtiyat hissələrinin və sənaye müəssisələrinin qaranlıq guşələrində yaşadı.

🌍 Pandemiya və rəqəmsallaşma

2020-ci il. Dünya COVID-19 pandemiyası ilə üz-üzə qalır. Əllə toxunmaq təhlükəli sayılır. Kağız menyular yox olur. Bilet almaq, sənəd imzalamaq, tibbi məlumat paylaşmaq… bunların hamısı rəqəmsallaşır. İnsanlar birdən-birə QR kodların nə qədər sürətli, təhlükəsiz və praktik olduğunu anlayır.

Bir kod – milyonlarla məlumat! Təkcə restoranlarda deyil – hava limanlarında, xəstəxanalarda, hətta toy dəvətnamələrində belə. QR kod, 26 il sonra öz səhnəsinə çıxdı. Və bu dəfə, dünya onu qəbul etməyə hazır idi.

🤔 Gələcəyə baxış

Bu gün QR kodlar hər yerdədir. Amma bir sual qalır: Bu gün ətrafımızda olan hansı texnologiya bizə gərəksiz görünür, amma gələcəkdə həyatımızın mərkəzinə çevriləcək? Texnologiya həmişə qabaqdadır. İnsanlar isə ona yetişmək üçün zamana ehtiyac duyur.


Rəşad Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

Related Articles

Back to top button