
Bakı: Rənglərin Solduğu Şəhər [XI Hissə]
Sokaklarda ayak sesleri,
Özlemek artık yasaktır.
Bakıya qayıtdıqdan sonra həyat sürətlə axmağa başladı. Günlər sanki təkrarlanan bir musiqinin qırıq döngüsü kimi idi: səhərlər işə getmək, axşamlar isə tıxacda, insan izdihamında evə dönmək. Türkiyədə qazandığım bütün rənglər, Bakının bozluğu içində tədricən silinməyə başladı. İçimdəki rəng palitrası bir-bir yox oldu və geridə sadəcə bir ton — boz qaldı.
O gözəl günlərin parıltısı yox olduqca, içimdəki parlaqlıq da sönürdü. Bu ruh halı, təəssüf ki, münasibətimə də sirayət etdi. Sevgilimlə aramızda anlaşılmazlıqlar başladı. Və nəhayət, qərar verdik: üç illik hekayəyə son qoymaq lazımdır. Sakit bir vidalaşma olmadı bu, qırıq bir sükut idi.

Həyat davam edirdi, əlbəttə. İş həyatım maraqlı, temp dolu idi. Amma insanın sosial həyatı olmayanda, nə qədər maraqlı işlə məşğul olsa da, gözünə heç nə gözəl görünmür. Bunu bəlkə də ilk dəfə belə aydın dərk edirdim. Sanki işləyirdim, amma yaşamırdım.
Bəzən özümü motivə etmək üçün Türkiyədəki həyatımı xatırlayırdım. Öz-özümə deyirdim: “Bəlkə eyni ritmə qayıtsam, yenidən nəfəs ala bilərəm.” Bu düşüncəylə bir həftə sonu qərar verdim: dəniz kənarına gedəcəyəm. Elə Tireboludakı kimi, sakit bir guşədə oturub, dərin nəfəs alacağam, beynimə oksigen dolacaq, bəlkə də bir az yüngülləşəcəyəm.
Hazırlaşdım, çıxdım yola… Getdim… getdim… və bir də baxdım ki, yolda yığdıqlarım təkcə əsəb və stress olub. İçimdən dedim: “Boş ver, mən dənizlə görüşə gedirəm axı. Bəlkə orada toparlanaram.”
Nəhayət sahilə çatdım. Oturdum. Dərin nəfəs aldım… Amma bu dəfə oksigenlə yanaşı, sanki yer üzündəki bütün kimyəvi elementlər də beynimə doldu. Periyodik cədvəl sanki beynimdə yarmarka qurmuşdu. Mən dinclik axtarırdım, amma beyin kimyəvi reaksiya verirdi…

Sonda dedim: “Yetər, qayıdım evimə. Ən azından evin divarları danışmır.” Amma bu dəfə də Xırdalan dairəsində tıxacda ilişdim. Beləcə, dənizlə görüş arzusu insan seli içində boğuldu.
Bu boz dövr belə davam etdi. Və zaman keçdi. Sosial mediada qarşıma çıxan “İndi magistratura tələbəsi ol” tipli reklamlar məni silkələdi. Sadə bir cümlə, amma düşüncəmin axarını dəyişdirəcək qədər güclü idi.
Ağlıma ilk gələn fikir bu oldu: Niyə də Türkiyədə magistr təhsili almamalıyam? Axı mən orada bir dəfə nəfəs almış, həyatın fərqli ritmini yaşamışdım. Bəlkə də itirdiyim rəngləri təhsillə, inkişafla, yenidən inşa edə bilərdim.
Tərəddüd etmədən hərəkətə keçdim. Günlərlə araşdırma apardım. Universitetlər, fakültələr, qəbul şərtləri…

Sənədlərimi topladım, müraciətlərimi etdim. Və nəhayət — Atatürk Universitetinə qəbul olundum. Türkiyədən qayıdışımdan tam iki il sonra, 2024-cü ilin avqust ayında, nəhayət içimdəki bu təkrəng həyatdan bezdim.
Bakı – Trabzon təyyarə biletini aldım. Heç kimə xəbər vermədən, çox düşünmədən… sadəcə bilet alıb yola çıxdım.
Bu dəfəki gediş sadəcə bir səyahət deyildi. Bu, özümə qayıdış idi. İçimdə itirdiyim rəngləri bir daha tapmaq, qırıq parçamı bir daha birləşdirmək üçün çıxılan bir yoldu bu…
Onbirinci Hissənin Sonu…