Əncir ağacı: İnsanlıq tarixini formalaşdıran ağac!
Saysız-hesabsız dini və milli hekayələrə mövzu olan əncir ağacı tarixə həm şahidlik etmiş, həm də tarixə yön vermişdir. Yer üzündə 80 milyon ildir mövcud olan əncirin tarixi insanın özündən də qədimdir. Əncir ağacı insanın təkamülündə və mədəniyyətin formalaşmasında mühüm rol oynamışdır. Bu ağaclara yaxşı yanaşsaq, gələcəyimizi zənginləşdirə bilərik.
Yer üzündə 750-dən çox əncir növünün olduğu deyilir. Heç bir başqa bitki insan təxəyyülü üzərində bu qədər güclü təsirə malik olmamışdır. Əncir bütün dinlərdə xatırlanır, kralları, kraliçələri, alimləri təsirləndirməyi bacarmışdır. Enerji ilə zəngin olan bu meyvə insan beyninin böyüməsinə də fayda göstərə bilər. Buna görə bəzi cəmiyyətlər hesab edirlər ki, insan əli yetişmiş əncirləri tapıb dərmək üçün təkamül etmişdir. Əncir ağacı min illər əvvəl insanlar tərəfindən becərilən ilk bitkilərdən biridir.
Türkiyədə yetişən qara əncir (Ficus carica) bir çox qədim mədəniyyətlər üçün mühüm qida mənbəyi olmuşdur. Sümer kralı Urukagina əncirdən 5000 il əvvəl bəhs etmişdir. Kral Süleyman musiqisində ənciri tərifləmişdir. Qədim yunanlar və romalılar isə ənciri cənnətdən göndərilən bir meyvə kimi görmüşlər.

Əncirin ətraf mühitə faydaları
Əncir ağacı digər bitkilərə nisbətən daha çox vəhşi həyat üçün qida təmin edir. Yer üzündə 1200 növ canlı əncirlə qidalanır. Bunların arasında quşlar, meyvə yarasaları və primatlar da var. Bu canlılar əncirlə qidalandığı üçün toxumların yayılmasına kömək edirlər. Buna görə də ekologlar ənciri ekosistemin “önəmli bir hissəsi” kimi qiymətləndirirlər.
Bir çox çiçəkli bitkilər çiçəklərini açıq göstərsə də, latınca Ficus adlanan əncir bitkisinin çiçəkləri meyvələrinin içində gizlidir. Hər əncir növünün tozlanması üçün öz vəhşi arısı vardır. Bu əməkdaşlıq 80 milyon il əvvəl başlamışdır. Əncir ağacı bu arıların qidalanması üçün meyvə istehsal edir və arılar onların çoxalmasını təmin edir. Bundan əlavə, bir çox bitkinin kökləri torpaq altında böyüsə də, bəzi əncir növlərinin kökləri torpaq üstündə inkişaf edir. Əncir ağacları tərk edilmiş strukturları istila edir, hər daş çatlağına toxumlar böyüyür və böyüyən kökləri ilə divarları və təməl hissələrini sıradan çıxarır. Meyvələr digər heyvanları və toxumları həmin bölgəyə cəlb edir, beləliklə meşə yenidən canlanır.
Oxşar hadisələr vulkanik ərazilərdə də baş verir. Quru lava arasında əvvəlcə əncir ağacları böyüyür və digər bitkilərin inkişafına yol açır. Alimlər isə quraq ərazilərdə meşələrin yenidən böyüməsini sürətləndirmək üçün əvvəlcə əncir ağacları əkirlər. Bütün bunlar iqlim dəyişikliyinin təsirləri baxımından əncir ağacının gələcək üçün ümidverici olduğunu göstərir.
Əncirin inanılmaz faydaları
Asiyanın tropik və subtropik bölgələrində ortaya çıxan və inkişaf edən mədəniyyətlər əncir ağacını bir güc simvolu və ibadət yeri kimi görmüşlər. Bunlar arasında Banyan adı ilə də tanınan Hind ənciri xüsusi bir yer tutur. Yaradılış hekayələri, folklor və hikmət çağının qazanılması ilə əlaqələndirilən bu ağac o qədər böyükdür ki, uzaqdan kiçik bir meşəni xatırladır.

Əncir yalnız şirin və dadlı deyil, həm də vitamin, mineral və liflə zəngindir.
İncil əncirin şəfa verici xüsusiyyətlərindən bəhs edir. Tarix boyunca bu ağacın yalnız meyvəsi deyil, qabığı, yarpaqları, kökləri və reçinesi də dərman kimi istifadə olunmuşdur.
Şimpanzələrin də tibbi məqsədlər üçün vəhşi əncir ağacının qabığını və yarpaqlarını yediyi müşahidə edilmişdir. Araşdırmalar göstərir ki, meyvə bakteriya, parazit və şişlərə qarşı təsirli ola bilər.
Dünyanın bir çox mədəniyyət və inancları əncir ağaclarının kəsilməsini qadağan edir. Lakin bu inanclar tədricən unudulur. Onları yenidən canlandırmaq gələcəyimiz üçün vacibdir.
