Təcrübələrim

Son Dərs: Sükutun İçində İş Axtaran Gənc [VIII Hissə]

Şu gurbet eIIerinde
Zaman geçer mi acap?

Foto studiyada işlədiyim dövrlərdə Espiye bələdiyyəsi üçün müxtəlif dizayn işləri görür, axşamlar isə Hafizlə toylara gedir, çəkdiyimiz şəkil və videolardan gəlir əldə edirdik. Həftəlik maaşımızı müdirimiz Ahmet bəydən alırdıq. Əvvəllər pulunu vaxtında verən Ahmet bəy, aramızda səmimiyyət yarandıqca ödənişləri gecikdirməyə başladı. Zamanla borcu artdı və mən artıq bu studiyada işləmək istəmədim. Özümə yeni iş axtarmağa başladım.

Bu aralar freelancer kimi müxtəlif layihələr alır, qazandığım pulla həm özümü təmin edir, həm də ailəmə yük olmaq istəmirdim. Qaldığım bu əlavə il mənim üçün həm də məsuliyyət ili oldu. Sevgilimlə vaxt keçirmək, universitetdə internetə bağlanıb filmlər yükləmək və axşamlar evdə kiçik “kinoteatr” anları yaratmaq bu dövrün ən sadə, amma ən dəyərli xatirələrinə çevrildi.

İmtahanlar yaxınlaşırdı. Bilirdik ki, bu dəfə hər şey bitəcək, buna görə də İlyasla birgə dərslərə ciddi şəkildə hazırlaşmağa başladıq. Ev məsələsini də çözməli idik. Pulumuz çox deyildi, bu səbəbdən ev sahibi ilə oturub halımızı danışdıq. Evdəki əşyaları ona təhvil vermək şərti ilə son iki aylıq kirəni ödəmədik. O da razılaşdı – anlayışlı bir insana rast gəlmişdik. Əşyaları satmağa vaxt sərf etmədən yola çıxmaq rahatlıq idi bizim üçün.

SON – 20.01.20

Nəhayət, imtahanları uğurla verdik. Artıq rəsmi olaraq məzun olmuşdum. Yanvar ayı idi, bir gün əvvəl açıq və sakit olan hava, səhəri günü qəfil dəyişdi – qar yağdı, hər tərəf buz bağladı. Sanki hava özü də bizim getməyimizi istəmirdi. İçimizdə qəribə bir boşluq, bir hüzn vardı.

O soyuq, ayazlı səhər… çamadanlarımızı götürüb illərimizi keçirdiyimiz şəhərə – Tireboluya – son dəfə baxdıq və üz tutduq Bakı istiqamətinə. Bir mərhələ başa çatmış, yeni bir həyat başlayırdı…

YOLDA

Bakıya qayıtdıq, amma burada çox qala bilmədim. Çünki axtardığım o daxili rahatlığı tapa bilmirdim. Ətraf tanış olsa da, içimdə bir boşluq vardı. Ürəyim yenidən yolları çağırırdı… darıxırdım. Elə bu səbəbdən, təxminən bir ay sonra yenidən Türkiyəyə qayıtdım. Yenə Hafizlə işləməyə başladım. Artıq işə tam öyrəşməyə başlamışdım ki… Pandemiya başladı!

Hər şey bir anda dəyişdi. Küçələr səssiz, insanlar ehtiyatlı, qorxu hər yanda. İş yerləri bir-bir bağlanırdı. Studiyada işçi sayını azaltdılar, amma çəkilişlər tam dayanmadığı üçün az da olsa işləyib kirayə pulumu və gündəlik xərclərimi çıxara bilirdim. Amma vəziyyət getdikcə ağırlaşırdı. Yeni qanunlar, küçəyə çıxma qadağaları, testlər, qorxu və bilinməzlik. Həyat bir növ pauzaya alınmışdı.

FineArt Studio – Espiye – 2021

2021-ci ilin fevralında studiya da fəaliyyətini dayandırdı. “İki həftə dincəlin, sonra baxarıq” dedilər. Amma içimdə pis bir hiss vardı. Evimə qapanmışdım. Gecə və gündüz fərqini itirirdim. Sosial media mənim üçün həm pəncərə, həm də aynaya çevrilmişdi. Hər kəsin həyatı durmuşdu, amma mənimki sanki daha sürətlə aşağıya doğru gedirdi. O dövrdə sanki zamanla yarışırdım, amma hansı istiqamətə qaçdığımı bilmirdim.

Tələbə deyildim, rəsmi işim yox idi, pandemiya da hər şeyi daha da çətinləşdirirdi. Nəhayət, gec olmadan qərar verdim: Bakı bəlkə də tək çıxış yolum idi.

Təyyarə biletimi aldım və yola çıxdım.

Uçuş boyu pəncərədən baxdım – həyatımın neçə mərhələsini arxada qoyduğumu düşündüm. Türkiyəyə gedəndə böyük ümidlərlə yola çıxmışdım. Amma indi geri dönürdüm – bir az yorğun, bir az da dolğun. Bakı hava limanında yerə ayaq basdığım an sanki yeni bir mərhələyə addım atdım.

Bu mərhələ bəlkə də həyatımın ən qəliz və ən formalaşdırıcı dönəmi olacaqdı…

Səkkizinci Hissənin Sonu..

Rəşad Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Başa dön tuşu