
Tələbəlik: İki Dərs və Bir Həyat Planı [VII Hissə]
Bitirmə layihəmə hazırlaşmaq üçün çox film izlədim, çox oxudum, çox araşdırdım. İçimdə tək bir motivasiya vardı – bir vaxtlar mənə “siz sektorda iş tapa bilməyəcəksiniz” deyən müəllimə öz bacarığımı sübut etmək. Göründüyüm kimi olmadığımı, əslində bacarığa və ideyaya sahib biri olduğumu göstərmək istəyirdim. Bəlkə də müəllimin də məqsədi bu idi.
Günlərlə işlədim, araşdırdım və nəhayət, “Çevrimiçi” adlı elmi-fantastik janrda qısa film ssenarimi yazdım. Filmin çəkilişlərini universitetin zirzəmisində etdim. Kamera arxasında mən idim – həm operator, həm işıqçı, həm montajçı, həm də səs rejissoru kimi çalışdım.

Film maraqlı alınmışdı, fərqli idi, texniki baxımdan da səliqəli idi. Amma müəllimin ikili standartları yenə də öz sözünü dedi – filmimə sadəcə 70 bal verdi. Halbuki, mənimkindən daha zəif olan işlər yüksək qiymət almışdı. Üzülməyə dəyərdimi? Yox. “Nəysə…” deyib yoluma davam etdim.
Hər gün bir film çəkmək
Bu dövrdə dostlarımın da film çəkilişlərində əlimdən gələn bütün köməyi əsirgəmədim. Kiminə kamerada, kiminə montajda, digərlərinə isə ssenari baxımından dəstək oldum. Onların işləri də uğurlu alındı. Bu çəkilişlər zamanı təkcə iş görmədik – çox güldük, əyləndik, gecələrə qədər montaj otağında oturduq, səhərə yaxın sükut içində kadrları bir daha nəzərdən keçirdik. Aramızda doğan həmrəylik bizi daha da yaxınlaşdırdı.
Gözəl xatirələr
Üstəlik, Ramazan ayı idi. Axşamlar eyni süfrə ətrafında iftar açırdıq. Hər kadrın arxasında təkcə iş yox, birlik və dostluğun ruhu vardı. Bu gün o anları xatırlayanda anlayıram ki, çəkilən filmlərdən çox, qazandığımız xatirələr daha qiymətlidir.

Artıq tək məqsədim universiteti vaxtında, kəsirsiz bitirib, iş həyatına başlamaq idi. Nəticədə, universiteti uğurla, heç bir dərs kəsilmədən başa vurdum. Tam sevinc içində idim ki, yeni bir problem çıxmasınmı? Tələbə işləri şöbəsindəki məsul şəxs, 2-ci kursda bizə seçməli olduğumuz dərslərdən ikisinin əskik olduğunu deməyi unutmuşdu. Nəticədə, mən və daha 5 tələbə yoldaşım sistemdə məzun ola bilməmişdik.
Əhvalımız pozuldu, amma mən bu vəziyyəti fürsət kimi gördüm – Tireboluda bir az daha qalmaq, özümə daha çox zaman tanımaq fürsəti. Türkiyədə oxuyanlara bir məsləhət: sənəd işlərində, dərs seçimlərində diqqətli olun. Çünki burada hər işi özünüz idarə etməlisiniz.

Beləcə, dostlarımız məzun olub, yavaş-yavaş yola çıxdılar. Yay tətili gəlib çatanda mən Bakıya qayıtmaq əvəzinə, ailəmi yanıma – Tireboluya dəvət etdim. Onlarla bir yerdə gözəl və mənalı günlər keçirdik; dəniz kənarında gəzişir, birlikdə süfrə başında oturub saatlarla söhbət edirdik. Həmin yay həm ailəmlə olan bağlarımı gücləndirdi, həm də mənə özümü daha yaxşı tanımaq imkanı verdi.
Yay bitdikdən sonra biz – o beş nəfər – yenidən dərsə girdik. Mənim sadəcə iki dərsim qalmışdı və bu, günlərimin çoxunun boş keçməsi demək idi. Bu boşluqdan istifadə edib işə başlamağa qərar verdim.

Dostum Hafiz, Espiyedə “Yıldız Dijital Fotoğrafçılık”da fotoqraf işləyirdi. Məni də yanına dəvət etdi. Elə o günlərdə ilk peşəkar iş həyatım başlamış oldu. Toylara gedir, şəkil və video çəkirdik. Bu işə tam uyğunlaşmaq vaxt alsa da, hər çəkimdən, hər yeni kadrdan öyrənirdim. Bu dövr mənim iş həyatına atdığım ilk real addım idi – artıq tələbə deyildim, kamera arxasında həyatın içində idim.
Yeddinci Hissənin Sonu..