Bir Film, Bir Həyat: Möhtəşəm Gözəlliyin Axtarışı
Her zaman böyle biter. Ölümle. Ama önce hayat vardı...
Paolo Sorrentinonun rejissorluq etdiyi “Möhtəşəm Gözəllik” filmini izlədikdən sonra, onun dərin metaforik strukturu məni dərindən təsirləndirdi. 2013-cü ildə çəkilən və “Xarici Dildə Ən Yaxşı Film” nominasiyasında Oskar qazanan bu filmdə gülməli və düşündürücü səhnələr arasındakı tarazlıq onu unudulmaz edən əsas məqamlardandır.
Filmin ilk dəqiqələri məni qəribə, klipə bənzər görüntülərlə qarşıladı. Bu, filmin qeyri-adi ahəngini dərhal hiss etdirdi. Baş obraz Jep Gambardella – İtalyan ədəbiyyatında tək kitabla adını tarixə yazmış və o vaxtdan bəri özünü şənliklərlə dolu, hərəkətlərini ona həzz verəcək bir şəkildə planlaşdıran bir həyata həsr etmiş bir yazıçıdır. Ancaq bu parlaq həyatın arxasında Jep’in daxili dünyası və həyatda “möhtəşəm gözəllik” axtarışı dayanır.
Jep Gambardella obrazını Ramiz Əzizbəylinin “Bəxt Üzü” filmindəki Moşu Göyəzənli obrazının İtalyan versiyasına bənzətdim. Hər iki xarakter öz daxili dünyalarının dərinliyinə qərq olmuş, lakin xaricdən fərqli maskalar taxan insanlardır. Jep’in İtaliyası Moşunun kiçik qəsəbəsindən çox fərqli olsa da, onların daxili axtarışları arasında qəribə bir oxşarlıq var. Xoşbaxtlıq, xoşbaxtlıq….
Roma şəhəri filmin hadisələrinin baş verdiyi məkan olaraq, mənim üçün qocalığı, nostaljini və keçmişin yükünü təmsil edir. Tarixi binalar, sakit gəzinti yolları və parlaq gecə mənzərələri Jep’in öz həyatını və “möhtəşəm gözəllik” anlayışını düşünməyə vadar edir. Filmin vizual dili məhz bu nostalji və düşüncə atmosferini çatdırmaq üçün yaxşı işlənib.
Filmin müsbət tərəflərindən biri Sorrentinonun iti qələmi və dərin dialoqlarıdır. Jep’in çox vaxt ironik olan fikirləri, həm düşündürür, həm də güldürür. Ancaq bəzi mənfi tərəfləri də qeyd etməliyəm. Uzun musiqili səhnələr, bəzi xarakterlərin hekayəyə dərinlik qatmaması və kəskin səhnə keçidləri filmin axışını bir qədər pozur. Bəzi epizodlara baxarkən “Bu səhnəni daha mükəmməl çəkmək olardı” deyə düşündüm.
“Möhtəşəm Gözəllik” mənə bir daha təsdiqlədi ki, həyatın möhtəşəm gözəlliyi hər zaman əlçatan olmaya bilər. Amma bu, onun tamamilə qeyri-mümkün olduğu anlamına gəlmir. Filmin finalı məndə bu gözəlliyi tapmaq üçün həmişə bir şansın olduğunu hiss etdirdi. Həyatda şanslar həmişə var, sadəcə biz onlara hazır olmalıyıq.