Cənubi Amerikanın tropik meşələrində heveya ağacı bitir. Bu ağac heç bir şeylə diqqəti cəlb etmir. Kökünü kəssən, orada bizim zəncirotunda olduğu kimi, ağ süd şirəsi axacaq. Lakin bu süd şirəsi nisbətən qatı olur. Əgər bu şirədən çox yığıb günün altında saxlasaq, ondan yapışqan kimi sarımtıl kütlə alınacaq. Bu kütlədən Peru əhalisi uzunboğaz çəkmə düzəldib yağışlı havalarda geyirdilər.
Peru yerliləri bu maddəyə kauçuk adını verdilər. İki yüz il bundan əvvəl Peruya gəlmiş avropalıların bu çəkmələrdən xoşu gəlmişdi. Çünkü Avropada o vaxtlar yalnız dəri ayaqqabı geyirdilər və bu ayaqqabılar su keçirirdi.
Perudan Avropaya kauçukun hekayəsi.
Avropa səyyahları özləri ilə donmuş kauçuku avropaya gətirirdilər. Sonradan Avropada bu maddəyə başqa ad verdilər. İngilislər hər cür qatrana rezin, yapışqanlı qatrana isə qummi deyirdilər. Odur ki, heveya qatranını elastik rezin və ya qummilastik adlandırdılar. Qummilastikdən hazırlanmış ayaqqabını adi çəkmə üstündən geyməyə başladılar, bununlada ilk qaloş belə yarandı.
Lakin sonradan məlum oldu ki, belə qaloş üçün elastik rezin yararlı material deyil. Çox isti havalarda o çox yumşalır, soyuq havada isə bərkiyib daşa dönür.
Kauçun necə rezin oldu?
Yalnız yüz ildən sonra Avropada kauçukdan daha davamlı material icad edildi. Bunun üçün kauçuku kükürd tozu ilə qarışdırıb güclü qızdırdılar. Alınan materialın elastikliyi kauçuka kükürdün nə qədər qatılmasından asılı idi. Bəzən lap bərk maddə alınırdı ki, buna ebonit deyilirdi. Kauçukun kükürdlə qarışdırılıb qızdırılması nəticəsində alınan elastik maddəni rezin adlandırdılar. Rezindən qaloş, plaş, uzunboğaz çəkmə, içinə hava doldurulmuş xilasedici kəmərlər və qayıqlar, bir sözlə çoxlu lazımı əşyalar düzəltməyə başladılar.
19-cu əsrin axırlarında hər yerdə elektrikdən istifadə edilməyə başlananda insanlar rezinin daha bir faydalı cəhətindən də xəbər tutdular. Belə ki rezin yaxşı izolyatordur və elektriki keçirmir. O vaxtdan bəri elastik rezindən asan əyilə bilən tellər üçün izolyator, ebonitdən isə ştepsel, elektrik açarının dəstəsi, elektrik lövhələri və başqa şeylər hazırlanır.
Rezinə ehtiyac get-gedə artırdı.
Cənubi Amerikada və İndoneziyada heveya plantasiyaları genişlənirdi. İnsanlar avtomobil icad edəndən sonra onun üçün rezin təkər düzəltmək lazım gəldi. Bunun üçün təbii kauçuk azlıq etməyə başladı. Bu zaman kimyaçılar işə başladılar. Onlar əvvəlcə təbii kauçukun tərkibini öyrənib, sonra süni, sintetik kauçuk yaratdılar. Dünyada ilk dəfə süni sintetik kauçuk rus kimyaçısı Sergey Vasilyeviç Lebedov tərəfindən hazırlanmışdır. 1910-cu ildə o öz laboratoriyasında sintetik kauçuk yaratdı. 1928-ci ildə isə öz şagirdləri ilə birlikdə kauçukun zavodda istehsalı üsulunu hazırladı.
Günümüzdə sintetik kauçuku neftdən, təbii qazdan və ağacdan alınır.