
Bandırma Xatirələrim: Bir Gediş, İki Qayıdış [X Hissə]
Neçə addım, neçə şəhər
Neçə min kilometr uzaqlaşdım evimdən
Bandırma — adını çoxları tanımasa da, mənim yaddaşımda dərin iz buraxan bir şəhərdir. Mərmərə dənizinin sahilində yerləşən bu sakit liman şəhəri, sadəcə coğrafi bir nöqtə deyil, həm də duyğularımın və xatirələrimin yuvasına çevrilmişdi. Küçələri təmiz, havası ilıq, insanları mehriban, günəşi isə sanki hər səhər bir ümid kimi doğurdu. Mən oraya səkkiz gün qalmaq üçün getmişdim, amma bu səfər gözlənilməz şəkildə 12 günə qədər uzandı. Niyəsini isə bu hekayənin gedişatında daha aydın anlayacaqsınız…

Bandırmanın mənim üçün belə dəyərli olmasının birinci və bəlkə də əsas səbəbi — sevgilim idi. Onunla keçirdiyim vaxtlar sadəcə gündəlik rutinləri deyil, həyatı belə daha gözəl göstərirdi. Günlərimiz sadə, amma anlamlı keçirdi: birlikdə yemək bişirir, film izləyir, gəzintiyə çıxır, nə yeyəcəyimizə saatlarla qərar verə bilmirdik. Bəzən xırda və böyük anlaşılmazlıqlar da olurdu, amma o anlarda belə aramızdakı bağ hər şeyi balanslaşdırırdı.

2021-in son günlərini Bandırmada keçirmək və 2022-ci ilə birlikdə daxil olmaq, mənim üçün unudulmaz bir təcrübə oldu. Hər şey bir filmin səhnəsini xatırladırdı. Daxilimdə dərin bir huzur vardı. Amma zaman sürətli axırdı. Yanvarın 4-də Bakıya dönmək üçün hazırlaşdım. Daxilimdə qəribə bir sıxıntı olsa da, təyyarə biletim İzmir-Bakı istiqamətində idi və yol mənim üçün çoxdan çəkilmişdi.
İzmir hava limanına vaxtında çatdım. Chek-in növbəsində durarkən hər şeyin qaydasında olduğunu düşünürdüm. Lakin həyatın mənə hazırladığı ilk sürprizlə qarşılaşdım. Aviaşirkət nümayəndəsi məndən COVID-19 testi istədi. Donub qaldım. Mən Türkiyəyə girəndə vaksin sertifikatımla keçmişdim. Niyə indi test istəyirdilər?

Nə qədər danışsam da, izah etsəm də, sərt cavab aldım: “Bu bizim şirkətin daxili qaydasıdır. Testsiz uçuş mümkün deyil.” O an sanki başıma qaynar su töküldü. Dərin nəfəs almağa çalışdım, amma içimdəki panikanı gizlədə bilmirdim. Alternativ yollar axtarmağa başladım. Təyyarənin qalxmasına cəmi bir saat qalırdı. Alt qatda test mərkəzinin olduğunu öyrəndim. Oraya qaçdım, ümidlə.
Amma orada qarşılaşdığım ikinci zərbə daha ağır idi: Testin qiyməti 1000 liraydı. Üstəlik nəticə 1 saata çıxmırdı. Hər şey üst-üstə gəlirdi. Mümkün deyildi. Geri qayıtdım və bilet ofisinə yaxınlaşıb iptal etdirdim. Pulun yalnız yarısını qaytardılar. O an düşündüyüm tək şey — sadəcə bir yerdə oturub sakitləşmək idi.

Telefonumda internet yox idi. Yaxınlıqdakı dükanların birindən sim kart alıb internetə qoşuldum. Və o yazdı. Sevgilim uzun, təsəlliverici bir mesaj göndərmişdi. O mesajı oxuyanda gözlərim doldu. Tək deyildim. Yanımda kilometrlərlə uzaqda olsa da, bir nəfər vardı. O an içimdə yenidən güc hiss etdim. Ailəmlə danışdım. Onlara vəziyyəti izah etdim. 5 yanvar — ad günümdə Bakıda olacağım gözləyirdilər. Amma ailəm anladı, “Əsas odur sağ-salamat olasan. Bu gün ya 2 gün sonra, fərq etməz.” dedilər.
Yavaş-yavaş sakitləşdim. İzmir otellərinə baxmağa başlamışdım ki, o yazdı: “Geri qayıt, bəlkə burada bir şey fikirləşərik.” Bu təklifə çox da tərəddüd etmədən razılaşdım. İzmir avtovağzalına gedib Bandırmaya bilet aldım.

O gecə saat 00:00 idi. Yeni yaşıma avtovağzalın soyuq bir küncündə simit yeyərək və avtobus gözləyərək girirdim. Tək idim, amma ruhumda bir qəribə istilik vardı. Yola çıxdım. Altı saatlıq yolculuqdan sonra yenidən Bandırmadaydım. Səhərin ilk işıqlarıyla o şəhər mənə daha da gözəl görünürdü.
Bu dəfə Bandırmadakı həyatım daha sakit, daha şüurlu və daha qədrbilən keçdi. Sevgilim mənim üçün ad günü tortu hazırlamışdı. Sadə bir məkanda, birlikdə üfürdüyümüz şamlar – mənə lüks restoranlardan daha qiymətli gəldi. Birlikdə dövlət xəstəxanasına getdik, test verdim. Bu dəfə hər şey qaydasına düşdü. Yenidən təyyarə bileti aldıq. Və gözlənilən an gəldi – yenidən ayrılıq.

Bu dəfəki vida, əvvəlkindən daha uzunmüddətli və daha ağır idi. Hiss edirdim ki, bu, sadəcə fiziki bir ayrılıq deyil, həm də içimdə bir dövrün qapanmasıdır. Amma bir tərəfdən də şükür edirdim: bu gediş, bu dönüş, bu gecikmə, bu panika – hər biri həyatımın gözəl və dəyərli fraqmentlərinə çevrildi.
İndi geri baxanda anlayıram ki, həyatın gözəlliyi bəzən plana uyğun getməyən anlarda gizlənir. Bəzən bir təyyarəni qaçırmaq, bir şəhərə daha bir dəfə qayıtmaq, ya da bir mesajla bütün panikanın dağılması — insana dəyərli dərslər verir.
Bandırma mənim üçün sadəcə bir şəhər deyil. O, içində sevgi, səbir, təsəlli, çarəsizlik və ümidi bir arada saxlayan bir həyat təcrübəsidir. Və mən o təcrübənin içində bir az daha böyüdüm, bir az daha dərinləşdim…
Onuncu Hissənin Sonu…