
Türkiyəyə Doğru: Tireboluda Başlayan Hekayə
İmtahan günü özümü bir qladiator kimi hiss etdikdən sonra, əsl mübarizə yeni başlayırdı.
İmtahanı verdikdən sonra nəticələrin açıqlanmasını gözləmək lazım idi və bu müddət asan keçməyəcəkdi. Dostlarla birlikdə Giresunun arxa küçələrində, səssiz-səssiz ulduzların altında deyil, səsküylü bir ərazidə yerləşən ucuz bir motel tapdıq. Günlük 50 lirəyə otaq kiraladıq, ancaq bu yer bizə yalnız yatmaq üçün lazım idi – gündüzlər ya şəhəri gəzirdik, ya da universitetlərlə maraqlanırdıq.

Nəhayət, o həyəcanlı an gəldi – imtahan nəticələri açıqlandı. Cavab kağızımı əlimə alıb Giresunda dil kursunda oxuyarkən tanış olduğumuz dəyərli müəllimlərin yanına getdik. Onların fikri bizim üçün çox önəmli idi. Giresun Universiteti kampus şəklində olmadığı üçün fakültələr şəhərin müxtəlif bölgələrində yerləşirdi. Ona görə də müraciət ərizəsində hansı fakültəni seçməyin daha məqsədəuyğun olduğunu onlarla məsləhətləşdik. Bu söhbətdən sonra içimdə bir rahatlıq hiss etdim – artıq hədəfimə çox yaxın olduğumu hiss edirdim. Həqiqətən də, insan dəyərli insanlarla ünsiyyətdə olduqda içindəki narahatlıq azalır.
Səhəri gün sənədlərimizi toplayıb universitetə başvurduq. Bizə dedilər ki, bir həftə ərzində cavab veriləcək. Ancaq bu müddət ərzində artıq cibimizdəki pul azalmışdı və biz də düşünürdük ki, başvurduğumuz fakültə – Tirebolu İletişim Fakültəsi – olduğu üçün artıq oraya gedək, qəbul olsaq qalmağa bir yerimiz olsun. Bu qərarı da məhz müəllimlərimizlə etdiyimiz o dəyərli söhbətdən sonra verdik. İçimizdə bir inam var idi.

Tireboluya İlk Görüşdə Eşq..
Səhər tezdən oyanan kimi bir poğaça ilə isti çay içib Tirebolu dolmuşuna mindik. Hava təmiz, yol isə səssiz idi. Tireboluya ilk dəfə çatanda özümü başqa bir aləmə düşmüş kimi hiss etdim. Dəniz sahilində yerləşən bu sakit və günəşli qəsəbə mənə ilk baxışdan cazibədar gəldi. Sanki şəhərin səsi burada yox idi, sadəcə dənizin sakitliyi və quşların səsi vardı. Orada yaşamaq düşüncəsi bizi həyəcanlandırırdı. Gün ərzində ev axtardıq. Amma bütün qapılardan geri çevrildik. Sonradan öyrəndik ki, bizdən əvvəlki Azərbaycanlı tələbələr buradakı yerli camaatın yaddaşında o qədər də yaxşı qalmayıblar. Bu da bizim ev tapmağımızı çətinləşdirirdi.
Kor peşman gəzərkən təsadüfən, yolumuzun üstündə zirzəmi qatında kiçik bir evə rast gəldik. Evin xarici görünüşü bizi maraqlandırdı və içimizi bir hiss bürüdü – “bəlkə də buradır.” Zəng etdik. Telefonu Ahmet adında yaşlı, mehriban bir insan açdı. Bizə elə bir səmimiyyətlə yanaşdı ki, sanki öz nəvələrini ilə danışırdı. Evi bizə aylıq 250 lirəyə kiraladı. Ev rütubətli idi, bəli, amma küçədə qalmaqdan daha yaxşıydı. Təmizlik işlərinə başladıq, bazarlıq etdik, otaqları düzəltdik. O balaca ev bizim üçün bir qalaya çevrildi.

Bir həftəlik gözləmədən sonra, çoxdan arzuladığımız xəbər gəldi – qəbul olmuşduq! Evdə internet olmadığı üçün bu xəbəri Bayrak kafedə aldıq. İnternetə daxil olub mailə baxanda sevincli qışqırıqlarımız kafedəki hər kəsin diqqətini çəkdi. O anlarda artıq heç bir şeyin əhəmiyyəti yox idi. Sadəcə uğurun, zəhmətin qarşılığını almağın verdiyi hiss idi içimizi dolduran. Bir-birimizə qonaqlıq verdik, ailələrimizə zəng edib onları sevindirdik. O anları sözlərlə izah etmək çətindir. Sanki dünya bizim üçün dayanmışdı və biz o anın içində bütün çətinlikləri unutmuşduq.
Nəhayət, o gecə uzun müddətdir ilk dəfə olaraq başımı rahat şəkildə yastığa qoya bildim. Bütün gərginliklər, narahatlıqlar, şübhələr, qorxular – hamısı geridə qalmışdı. Qarşımda isə yeni bir həyat, yeni bir yol, yeni bir mən dayanırdı. Hər şey yenidən başlayırdı, amma bu dəfə daha güclü, daha təcrübəli və daha inamlı biri kimi.
İkinci Hissənin Sonu..