Təcrübələrim

Nə üçün oxuyuruq?

Niyə oxuyuruq? Ailəmizdən uzaqda, min bir əziyyətə qatlanaraq nə etməyə çalışırıq? Niyə buradayıq?

Bu sualları tələbəlik illərində, xüsusilə də ruhdan düşdüyüm ağır anlarda özümə tez-tez verirdim. Və o anlarda sanki həyatım bir film kimi gözümün önündən keçirdi. Bu sualın cavabını tapmaq üçün yaddaşımın ən dərin nöqtələrinə — uşaqlığıma qayıdırdım.

Xatırlayıram, uşaq idim. Atamın ad günündə qonşumuz mini kamerası ilə gəlmişdi. O kameranı mənə verdi və məclisi çəkməyə başladım. İnsanların reaksiyası — təbəssüm, maraq, həvəslə obyektivə baxmaları — məndə ilk dəfə kamera qarşısında bir sehr olduğunu hiss etdirdi. O andan etibarən artıq mənim yolum müəyyənləşmişdi. Evdə valideynlərimdən kamera istədim. Hekayə orada başladı.

İlk Kameram 🙂

Mən həmişə yaşıdlarımdan fərqli bir uşaqlıq yaşamışam. O vaxtlar “Kurtlar Vadisi” serialı reytinqləri partladırdı. Bütün yaşıdlarım Polad Ələmdar, Memati, Abdulhey olmaq istəyirdi. Amma mən? Mən ssenarilər yazır, uşaqları başıma yığıb, həmin serialın öz versiyasımı çəkməyə çalışırdım.

YouTube-da paylaşdığım “Mafia Xırdalan”“Saxta Mal” adlı qısa metrajlı filmlər, yaşadığım ərazidə bir növ lokal fenomenə çevrilmişdi. Tanımadığım insanlar belə “o filmləri çəkən qaqaş sənsən?” deyə soruşurdular. Məktəbdə müəllimlər mənə film sifariş verirdi. Düzdür, o vaxt montajı yaxşı bilmirdim, amma dostumun kursda öyrəndiklərini hər axşam mənə göstərməsi ilə özümü yavaş-yavaş inkişaf etdirirdim. Boş vaxtlarımı ssenari yazmaqla keçirirdim. Həyat mənim üçün bir film səhnəsi, kamera isə gözümün davamı idi.

Zaman keçdi, böyüdüm. İşlədim, ilk fotoaparatımı aldım. Kadrlarda gözəllik axtarmaq — mənim meditasiya formam idi. Foto çəkmək mənim üçün sadəcə vizual sənət deyildi, özümü ifadə forması idi. Sonra isə bir gün, bu işin dərinliklərini öyrənmək lazım olduğuna qərar verdim və yola çıxdım. (Bu hissənin səyahət hekayəsini artıq bilirsiniz.)

Universitetdə oxuyarkən maraqlı bir nüans diqqətimi çəkdi: Ailə məcburiyyəti ilə təhsilə gələn, amma heç bir həvəsi olmayan tələbələr. Onların durumunu gördükcə kədərlənirdim. Oxuyurdular, amma öyrənmirdilər. Hiss olunurdu ki, bu sahə onlara aid deyil. Ən acısı isə, onların buna məcbur buraxılması idi. Bir insanı, ömrünün ən dəyərli illərini sevmədiyi bir yolda xərcləməyə məcbur etmək — bu, sadəcə ego problemi deyil, insanlığa qarşı cinayət idi.

Azərbaycanlı tələbələr – Giresun Mərkəz – 2014

Zaman keçdi. Onların çoxu universiteti bitirmədən tərk etdi. Amma mən öz yolumda daha da irəlilədim. Sənətin dərinliklərinə endikcə, öyrəndikcə aydınlaşmağa başladım. O zaman başa düşdüm ki, uşaqlıqda məni irəli aparan hissin adı var imiş — “cahil cəsarəti.”

Bu cür cəsarət, insanın qarşısında dağ kimi duran əngəlləri görməzliyə vurur. Uşaq vaxtı heç nə bilmədən çəkdiyim filmlərə bu gün baxanda bəzən utanıram, çünki artıq bütün səhvləri görürəm. Amma başa düşürəm ki, o səhvlər olmasaydı, bu günə gəlmək də mümkün olmazdı. Ona görə də indi Tiktok-da video çəkən gəncləri görəndə artıq qınamıram. Onlar da öz “cahil cəsarəti” ilə nəyisə sınayır, nəyəsə inanır, öz yollarını axtarırlar.

Və nəhayət, “niyə oxuyuruq?” sualının cavabını, bəlkə də, çoxumuz diplom alıb real həyatla üz-üzə qalanda anlayırıq. Oxumaq — kağız parçası əldə etmək deyil. Oxumaq, özünü tanımaq, doğru ilə yanlışın sərhədini çəkə bilmək və sevdiyin yolda inadla irəliləmək deməkdir.

Rəşad Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Başa dön tuşu