
Keçmişə Baxıb Gələcəyə Dərs Çıxarmaq
Atatürk Universitetinə qəbul xəbərindən sonra içimdəki enerji bir anda alovlandı. Artıq sadəcə bir səyahət deyil, həyatımı yenidən yönləndirəcək qərarlar dövrü başlamışdı.
Bu dəfəki yolçuluğumun ilk mərhələsi Trabzon idi. Məqsədim yaxın dostum Hafiz və ailəsini görmək, onlarla bir neçə gün Karadeniz havası udmaq, köhnə günləri yad etmək idi. Dörd günlük plan qurmuşdum. Amma qəbul məktubunu aldıqdan sonra qərarımı dəyişdim: bu səfər, həm də universitet və şəhər araşdırması məqsədi daşıyacaq.
29 avqust hazırlaşdım və yola çıxdım.. Hava limanına rahat şəkildə çatdım. Həyatımın ən asan və problemsiz səyahətini yaşadım. Təyyarə 1 saat 50 dəqiqəyə Trabzona endi. Təyyarənin pəncərəsindən Karadenizin dumanlı, yaşıl və maviyə çalan siluetinə baxdıqca xoşbəxtlik hissi içimdə coşurdu.

Dağlarun dumani hic gecit vermez
Dalgalar alurda geriye vermez.
Hava limanından çıxanda qarşıma qaçan taksi sürücüsünün israrları qarşısında illərin qazandırdığı təcrübə ilə “dolmuş haradan keçir?” sualını verdim. Onun 200 liraya aparmaq istədiyi yolu, 15 TL-lik dolmuşla qət etdim.
Trabzonun mərkəzində bir az dolaşdım. Dənizin, dağların və Karadenizin özünəməxsus havasının içində, daxilimdəki rənglər geri dönməyə başlamışdı. O hiss, uzun müddətdir ki, yoxa çıxmışdı. Yorulana qədər şəhəri gəzdim, sonra Espiyeye — Hafizin yaşadığı rayona bilet alıb yola çıxdım.


Yol boyu Karadenizin möhtəşəm sahil xətti və avtobusun Retarder səsi sanki ruhuma terapiya verirdi. Gözüm yolun o başında idi, amma qəlbim çoxdan sakitləşmişdi. Espiyedə dostlarımla görüşdüm. Gecələr söhbət, gündüzlər kilometrlərlə gəzinti… İçimdəki sosial aclıq birdən-birə doymağa başlamışdı. O qədər gəzirdim ki, yorulmaq nədir bilmirdim.
Amma bu səyahətin mənim üçün əsl önəm daşıyan hissəsi Tireboluya getmək idi — uşaqlığımın, gəncliyimin, xatirələrimin yerləşdiyi yer. Bir səhər erkəndən oyandım, dolmuşa mindim və xatirələrin izinə düşdüm.



Tireboluya çatan kimi içimi qəribə bir duyğu bürüdü. Küçələr, sahillər, parklar, kafelər… hər biri mənim keçmişimdən danışırdı. O zamanlar dostlarla oturub gülüşdüyümüz kafedə bu dəfə tək oturdum və ətrafa baxdım. Hər şey dəyişmişdi, amma hisslər eyniydi. Köhnə evimizdə indi başqa insanlar yaşayırdı...

Bir neçə gün sonra Erzuruma keçmək qərarına gəldim. Çünki qəbula baxmayaraq, içimdə qəribə bir tərəddüd vardı. Oxumaq və oxumamaq arasında qalmışdım. Bəlkə də qərarımı bu şəhəri görüb verməliydim. Təyyarədə təsadüfən yanımda oturan gəncin Atatürk Universitetinin tələbəsi olduğunu eşidəndə, onunla söhbət etdikcə şübhələrim güclənməyə başlamışdı.

Erzuruma çatdım. Soyuq bir şəhər, sərt iqlim, səssiz küçələr… Bəlkə də təhsilə uyğun bir yer idi, amma mənim ruhuma uyğun deyildi. Şəhəri gəzdim, universitetin qarşısında bir müddət dayanıb insanları müşahidə etdim. Hər şey Bakını xatırladırdı: darıxdırıcı, emosiyasız və tənhalıqla dolu. İçimdəki o köhnə boşluq sanki geri qayıtmışdı.
Orada qəti qərar verdim: Burada Magistr oxumayacağam.

Bu qərarın arxasında bir çox səbəb vardı: İşimi sevirdim və işsiz qalmaq istəmirdim. Artıq əvvəllər olduğu kimi tək qalmaqdan zövq almırdım. Və ən başlıcası — iqtisadi çətinliklər. Bu son iki ildə Türkiyənin nə qədər kasıblaşdığını gözlərimlə gördüm. Hər şey bahalaşmış, amma insanlıq ucuzlaşmışdı. Bu mənzərə məni çox sarsıtdı.



Beləcə, içimdə illərlə formalaşmış magistratura arzumu oradaca — Erzurumun soyuq daşlı küçələrində dəfn etdim. Qayıtdım Trabzona. Son dəfə dənizinə, dağlarına, o yaşıl-mavi səssizliyinə baxıb Türkiyə ilə vidalaşdım…
Davam edəcək…