
Tələbəlik: Kartof qızartması, Kəsirlər və Peşmanlıq [III Hissə]
Universitetə qəbul sənədlərini toplayıb rəsmiləşdirdik. Artıq rəsmi olaraq Giresun Universiteti – Tirebolu İletişim Fakültəsi, Radio, Televiziya və Sinema bölməsinin tələbələri idik. Bu, mənim üçün sadəcə bir qeydiyyat deyil, uzun bir yolun sonunda qovuşduğum böyük bir arzunun rəsmi möhürü idi. Sonunda sevdiyim işin dərinliklərini öyrənəcəkdim – bu, həm qürur, həm də böyük bir məsuliyyət idi.
Universitetdə ilk dərs günündə Nedim hocanın “Medya tarixi” dərsinə girdim. Dərs çox maraqlı idi – həm mövzu, həm də hoca. Ardınca Jale hocanın “Toplumsal cinsiyyət bərabərliyi” dərsi oldu. Jale müəllimənin tələbələrlə səmimiliyi, suallara yorulmadan cavab verməsi məni heyrətləndirmişdi.

İndi vəziyyətin necə olduğunu bilmirəm, amma 2014-cü ildə – yaşlı müəllimlərin çoxluq təşkil etdiyi bir dövrdə Azərbaycanda tələbə-müəllim münasibəti necə idisə, hər kəs bilir. Rəsmiyyət, məsafə, bəzən qorxu, bəzən də anlaşılmazlıq. Neft Energetika kollecindən gəlmiş biri kimi bu qədər açıq və demokratik dərs mühiti mənim üçün tamamilə yeni və fərqli bir təcrübə idi. Burada tələbəyə şəxsiyyət kimi yanaşılırdı, fikir söyləməkdən çəkinmirdin, müəllim isə səni diqqətlə dinləyirdi.
Amma bütün motivasiyama baxmayaraq, birinci kursun ilk semestri gözlədiyim kimi keçmədi. Naşılıq, səbrsizlik və tələbəlik həyatına tam uyğunlaşa bilməmək səbəbindən semestri 4 kəsirlə bitirdim. Ən pisi isə bilmirdim ki, kəsilən fənlərin təkrar imtahan şansı (bütünleme sınavları) var. İçimdəki tətil və ev istəyi ağır basdı, geriyə – Bakıya qayıtmağın gününü saymağa başladım. İndi bu qərarı verdiyimə görə peşmanam.
Buradan Türkiyədə universitetə yeni qəbul olan bütün tələbələrə bir tövsiyəm var: səbrsiz olmayın. İlk günlər çətin olsa da, bu çətinliklər keçicidir. Bütün diqqətinizi dərslərə və imtahanlara yönəldin. Əgər hər hansı bir dərsdən kəsilmisinizsə, narahat olmayın – təkrar imtahan şansınız var, onu qaçırmayın.
Hər tətil gəldikcə Bakıya qaçmayın. Onun əvəzinə Türkiyənin fərqli şəhərlərini gəzərək həm istirahət edin, həm də yeni insanlar və mədəniyyətlərlə tanış olun. Mən indi geriyə baxanda başa düşürəm ki, tətilləri daha səmərəli keçirmək, fərqli şəhərləri kəşf etmək həm ruhuma, həm də təcrübəmə daha çox şey qatardı.

Təxminən 20 günlük tətilin ardından Tireboluya qayıtdım. Amma hər şey düşündüyüm kimi deyildi… Ev yoldaşım Camal, Bakıya dönməzdən əvvəl evi başqa dostlara vermişdi. Onlar isə evə kifayət qədər yaxşı baxmamışdılar. Üstəlik, işıq borcu yığıldığı üçün elektrik də kəsilmişdi. Bir neçə gün qaranlıqda tək yaşamaq məcburiyyətində qaldım. Sonradan məsələləri aramızda danışıb həll etdik, amma o günlər mənə tələbə həyatının nə qədər çətin və məsuliyyətli olduğunu daha dərindən dərk etdirdi. Bu yalnız dərslər və imtahanlardan ibarət deyildi – insanlarla münasibət qurmaq, anlaşılmazlıqlardan yayınmaq, fərqli xarakterlərlə eyni məkanda yaşamağı öyrənmək də bu yolun ayrılmaz hissəsi idi.
Zaman keçdikcə dərslər, imtahanlar, ikili standartlar və sosial adaptasiya kimi məsələlərlə üz-üzə qaldım. Qarnımı isə adətən kartof qızartması, boş makaron və Knorr hazır şorbası ilə doyururdum. Bəzən bir kasa isti şorba, sadəcə aclığı deyil, yorğun ruhumu da isidir kimi gəlirdi. Beləcə, ilk kursu uğurla başa vurdum.
Yay gəldi. Tirebolu yayda başqa bir gözəlliyə bürünürdü. Dənizin sahilində yerləşən bu balaca qəsəbə sanki gizli bir cənnət idi. Hər səhər dənizin qoxusu, sahilə çırpılan dalğaların səsi və yavaş-yavaş isinəndə, gözləri qamaşdıran günəş… Bu mənzərə insana özünü sanki turist kimi hiss etdirirdi. Burada qalmaq və bu gözəllikdən doymaq olardı.
Amma mən yenə Bakıya qaçdım. Bütün bu gözəlliklərə baxmayaraq, tətili evdə keçirmək istədim. Bəlkə də hələ də köhnə həyatımla yeni həyatım arasında qərarsızlıq yaşayırdım…
Üçüncü Hissənin Sonu..